1991-ci il
oktyabr ayının 18-də Azərbaycan öz dövlət müstəqilliyini əldə etsə də 1993-cü
ildə Azərbaycanın dövlət müstəqilliyi təhlükə qarşısında qaldı. Hakimiyyətə gələnlərin
kamil dövlət adamları olmadıqlarını görən xarici və daxili düşmən qüvvələr Azərbaycanı
bir neçə yerə parçalanma həddinə gətirdilər. Xalqın müqəddəs arzuları, ümidləri
puça çıxdı, ölkədə vətəndaş itaətsizliyi, vətəndaş qarşıdurması yarandı.
1993-cü ilin
iyununda Gəncədə hərbi qiyam baş verdi. 709 saylı hərbi hissə Müdafiə
Nazirliyinə tabe olmaqdan imtina etdi. Bir tərəfdən Ə.Hümbətov cənub bölgəsində
silahlı qüvvələrə söykənərək, “Talış-Muğan Respublikası” yaratmağa çalışırdı. Digər
tərəfdən isə Surət Hüseynovun başçılıq etdiyi hərbi qüvvələr qanuni hakimiyyətə
qarşı qiyam qaldıraraq dövlət çevrilişi etmək istəyirdilər. Belə bir vəziyyətdə
xalq yeganə ümidini Ulu Öndər Heydər Əliyevə bağladı. Heydər Əliyev 1993-cü il
iyunun 9-da hökümətin onun ardınca göndərdiyi təyyarə ilə Bakıya gəldi. Xalq öz
xilaskarını sevinclə qarşıladı.
Bu dövrdə Azərbaycanın
talehi sanki Gəncədə həll edilirdi. Vətəndaş müharibəsi təhlükəsini aradan
qaldırmaq üçün Heydər Əliyev iyunun 13 - 14-də Gəncədə oldu. Gəncə əhalisinin
“Heydər baba, qurtar xalqı bu bəladan” şüarları ilə küçələrə çıxması sanki
haqqın, ədalətin kömək diləyən səsi idi.
Heydər Əliyev
Azərbaycanı qardaş qırğınından qurtarmaq üçün düşünülmüş siyasi manevr edərək, hərbi
müxalifəti zərərsizləşdirməyə nail oldu.
1993- cü il
iyunun 15- də Heydər Əliyev Ali Sovetin Sədri seçildi. Həmin gün tarixə “Milli
Qurtuluş Günü” kimi daxil oldu. Vətəndaş müharibəsinin qarşısı alındı. Eyni
zamanda zorakı yolla hakimiyyəti dəyişmək ənənəsinə birdəfəlik son qoyuldu. Azərbaycanın
dövlətçiliyini və müstəqilliyini qoruyub saxlamaq mümkün oldu.
Bu gün də dövlət
müstəqilliyimiz ölkə prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla həyata
keçirilir. İqtisadiyyatımızın inkişafı, ordumuzun güclənməsi, ölkənin beynəlxalq
nüfuzunun artması, Azərbaycanın milli təhlükəsizliyinin təmin olunması İlham
Əliyevin siyasətinin əsas istiqamətidir. Biz inanırıq ki, Azərbaycanın dövlət
müstəqilliyi Ulu Öndər Heydər Əliyevin dediyi kimi daimi, əbədi və sarsılmaz
olacaqdır.
Akif Rüstəmov,
Xocalı rayon
Kosalar kənd tam orta məktəbin tarix müəllimi